Ağıllı şəhər neyə lazımdır?

Ağıllı şəhər nədir və niyə insanların çoxu onun haqqında danışır? Son bir neçə ildə cihaz və proqram təminatı layihələrinin təkmilləşdirilməsinə görə informasiya və kommunikasiya texnologiyalarında (İKT) böyük inkişaf olmuşdur. Şəhərlərdə İKT-nin müxtəlif formalarda istifadəsi şəhər əməliyyatlarının effektivliyinin artmasına gətirib çıxarmış və bu şəhərlər “kibervill”, “rəqəmsal şəhər”, “elektron şəhər”, “çevik şəhər”, “informasiya şəhəri”, “mobil şəhər” “simsiz şəhər” və “ağıllı şəhər” kimi bir çox terminlərlə ifadə olunmuşdur. Ağıllı şəhər bir konsepsiyadır və bu konsepsiyanın aydın və əsaslı bir tərifi yoxdur. Sadə dillə desək, ağıllı şəhər sakinlərinin xeyrinə öz əməliyyatlarını təkmilləşdirmək məqsədilə ənənəvi şəbəkə və xidmətlərin informasiya, rəqəmsal və telekommunikasiya texnologiyalarından istifadə etməklə daha çevik, effektiv və dayanıqlı vəziyyətə gətirilən bir yerdir. Başqa sözlə desək, ağıllı şəhərdə rəqəmsal texnologiyalar sakinlər üçün daha yaxşı ictimai xidmətlər göstərir və ekologiyaya daha az təsir göstərməklə resurslardan daha yaxşı istifadə olunur. Ağıllı şəhər terminin rəsmi təriflərindən biri aşağıdakı kimidir: “şəhərin kollektiv intellektini artırmaq üçün fiziki infrastrukturu, informasiya-texnologiya infrastrukturunu, sosial infrastrukturu və biznes infrastrukturunu əlaqələndirən şəhər”. Müxtəlif ağıllı komponentlərin birləşməsi ənənəvi şəhərləri ağıllı şəhərlərə çevirə bilər. Bir şəhərin ağıllı adlandırılması üçün bütün bu komponentlərin olmasına ehtiyac yoxdur. Ağıllı komponentlərin sayı xərc və əldə olan texnologiyadan asılıdır. Dünya əhalisinin sayı son onilliklərdə kəskin şəkildə artmışdır, bu da öz növbəsində yaşayış standartları üzrə gözləntilərin də artmasına səbəb olmuşdur. Dünya əhalisinin 70%- nin 2050-ci ilədək şəhər ərazilərində yaşayacağı proqnozlaşdırılır. Hal-hazırda dünya üzrə şəhərlərdə resursların və enerjinin 75% istehlak edilir, bu isə istixana qazlarının 80%-nin yaranmasına səbəb olur. Buna görə də, növbəti bir neçə onillikdə bu vəziyyət ekologiya üzərində olduqca ciddi mənfi təsirə malik olacaq. Bu da ağıllı şəhər konsepsiyasınınyaranmasını zəruriləşdirir. Ağıllı şəhərlərin yaradılması sürətli urbanizasiya və şəhər əhalisinin artımı ilə yeni yaranan problemləri aradan qaldırmaq üçün təbii bir strategiyadır. Çəkilən xərclərə baxmayaraq ağıllı şəhər layihəsinin həyata keçirilməsi enerji istehlakını, karbon emissiyalarını, nəqliyyat tələblərini və şəhər tullantılarının miqdarını azalda bilər. 

Dünyadakı ağıllı şəhərlər öz xüsusiyyətlərinə, tələblərinə və komponentlərinə görə bir-birindən tamamilə fərqlidir. Ümumiyyətlə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) kimi təşkilatlar tərəfindən müəyyən edilmiş standartlar keyfiyyət, effektivlik və təhlükəsizliyi təmin etməklə inkişafa təşviq etmək üçün qlobal səviyyədə anlaşılan spesifikasiyalar təqdim edir. Standartlar, həmçinin ağıllı şəhərlərin texniki və funksional fəaliyyətinə nəzarət etmək üçün tələblər irəli sürə bilər. Eyni zamanda standartlar su xidmətlərinin keyfiyyətini təmin etməklə iqlim dəyişikliyi, ünvan təhlükəsizliyi və nəqliyyat problemlərinin həll olunmasına kömək edə bilər. Standartlar ağıllı şəhərin fəaliyyətinə nəzarət etməyə və onun ekoloji təsirini azaltmağa kömək edərkən biznes təcrübəsi və resursların idarə edilməsi kimi müxtəlif amilləri nəzərə alır. Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (İEEE) ağıllı şəhərlər və onların ağıllı şəbəkələr, İoT, e-səhiyyə və intellektual nəqliyyat sistemləri (İNS) kimi müxtəlif komponentləri üçün standartlar hazırlamışdır. Bu cür standartın xüsusi bir nümunəsi də şəhərlərin 46-sı əsas və 54-ü ikinci dərəcəli göstəricilər olmaqla 100 performans göstəricisini müəyyən edən İSO 37120-dir. Seçilmiş bəzi göstəricilər aşağıdakılardır: iqtisadiyyat, təhsil, enerji və ekologiya, bu göstəricilərdən şəhərlərin xidmət performansını qiymətləndirmək, digər şəhərlərdən ən yaxşı metodları öyrənmək, həmçinin öz şəhərlərini digər şəhərlərlə müqayisə etmək üçün şəhərin dövlət orqanları tərəfindən istifadə oluna bilər.

X