Ağıllı Enerji

İnsanların istehlakı üçün mövcud olan enerji mənbələrinin tükənməsi qorxusu enerji ilə əlaqəli bu yeni terminləri irəli sürmüşdür. Təmiz və ya yaşıl enerji enerji istehsalının ekologiya üzərində olduqca az mənfi təsirinin olmasını təklif edir. Məsələn, günəş enerjisi və ya külək enerjisi yaşıl enerji mənbələrinin formalarıdır. Ağıllı enerji nədir?. Ağıllı enerji “Enerjinin İnterneti” modeli hesab edilə bilən bir konsepsiyadır. Bu model ağıllı enerji istehsalı, ağıllı enerji şəbəkələri, ağıllı saxlama və ağıllı istehlakın bir və ya daha çox prinsipinə əsaslanır. Mahiyyət etibarilə, istənilən ənənəvi enerji, təmiz enerji, yaşıl enerji, dayanıqlı enerji və bərpa olunan enerji informasiya və kommunikasiya texnologiyası (İKT) ilə birlikdə ağıllı enerji yaradır.

Ağıllı enerji sistemi mərkəzləşdirilməmiş dayanıqlı enerji mənbələrinin, səmərəli paylanma və optimallaşdırılmış enerji istehlakının ağıllı inteqrasiyasından təşkil olunur. Beləliklə, ağıllı enerji vahid ağıllı enerji sistemi yaratmaq məqsədilə bir-birinə birləşdirilməli və bir-biri ilə effektiv şəkildə əlaqələndirilməli olan üç müstəqil struktur elementdən ibarətdir. Həmçinin yaşıl enerji, fotoqalvanik, günəş istiliyi, bioqaz və külək enerjisi kimi tanınan az karbon istehsalı ağıllı enerji sisteminin vacib bir hissəsi ola bilər. Ağıllı enerji sistemində enerjinin effektiv paylanması ağıllı infrastruktur, ağıllı şəbəkə, ağıllı sayğaclardan istifadə, həmçinin informasiya və kommunikasiya texnologiyasından (İKT) lazımi səviyyədə istifadə ilə mümkün olur. Ağıllı enerji sisteminin mərkəzi enerji istehlakına dair məlumatların toplanması, həmçinin provayder tarifi haqqında məlumatın paylaşılması üçün cavabdehlik daşıyan informasiya infrastrukturudur. Qabyuyan maşın və su qızdırıcısı kimi ağıllı qurğular üçün lazımi səviyyədə enerji sərfi ilə əməliyyatlara nəzarət etmək üçün İKT-dən istifadə oluna bilər. İKT, həmçinin elektrikli nəqliyyat vasitələri (PEV-lər) və istilik, havalandırma və soyutma (HVAC) əməliyyatları üçün faydalıdır. İKT-dən, həmçinin günəş paneli sistemləri, külək turbin sistemləri kimi müxtəlif mənbələrdən və digər mümkün enerji mənbələrindən enerji almaq üçün istifadə oluna bilər. Bu sistemdəki optimallaşdırılmış enerji istehlakı ağıllı enerji sisteminin 3-cü əsas komponentidir. Səmərəli enerji ehtiyatından effektiv istifadə, ağıllı sayğac və enerjinin effektiv şəkildə idarə edilməsi ağıllı enerji sistemində enerji istehlakını optimallaşdırmaq üçün əsas vasitələr ola bilər.

Ağıllı enerji sisteminin əsasını ağıllı enerji şəbəkəsi və ya ağıllı şəbəkə təşkil edir. Rəsmi bir izahla versək, ağıllı şəbəkə  istehlakçı, istehsalçı və  həm istehlakçı, həm də istehsalçı olan bütün əlaqəli istifadəçilərin fəaliyyət və davranışlarını effektiv şəkildə inteqrasiya edir. Ağıllı şəbəkələr daha aşağı səviyyəli itki, daha yüksək keyfiyyətli təchizat, sistemin və istifadəçilərin təhlükəsizliyini təmin edərək səmərəli, sərfəli və dayanıqlı enerji təklif edir. Ağıllı şəbəkə istilik enerjisinə əsaslanan təbii yanacaqlardan tutmuş yaşıl fotoqalvanik və külək enerjisinədək mövcud olan müxtəlif enerji mənbələrini inteqrasiya etməyə imkan verir. Gələcək ağıllı şəbəkələr indikilərdən olduqca çox mürəkkəb olacaq. Məsələn, elə bir gün gələ bilər ki, hər bir istifadəçi, həmçinin günəş enerjisi, bioyanacaq enerjisi və hətta külək enerjisi istehsal edə bilər. Ağıllı şəbəkə müxtəlif mənbələrdən alınan bu enerjini effektiv şəkildə sinxronlaşdıracaq və elektrik enerjisini heç bir qeyri-sabitlik olmadan müəyyən edilmiş gərginlik və tezlikdə təmin edəcək. İKT-dən istifadə ağıllı şəbəkədə aşağıdakı məqsədlər üçün xüsusi rol oynayır:

  1. enerjidən istifadə tələblərinin idarə edilməsinə dəstək olmaq,
  2. günəş panelləri və külək turbinləri üçün enerji göndərmək,
  3. elektrikli nəqliyyat vasitələri üçün yerindən asılı olmayan satış nöqtəsində əməliyyat xidmətlərini asanlaşdırmaq
  4. istehlakçı münasibətlərini yaxşılaşdırmaq.

Ağıllı enerji sayğacı ağıllı şəbəkənin vacib bir komponentidir. Ağıllı sayğac müəyyən vaxt Aralıqlarında elektrik enerjisi sərfini qeydə alır və həmin məlumatı yoxlanılması və hesablanılması üçün kommunal xidmətlərə ötürür. Bu proses canlı işçi qüvvəsi tərəfindən oxuma və qeydə alma olmadan istifadə olunan enerjinin dəqiq və etibarlı şəkildə oxunmasını asanlaşdırır. Litium-ion və ya yanacaq hüceyrələrindən hazırlana bilən ağıllı və ya intellektual batareya uzun müddətli istifadə imkanı ilə yanaşı enerjinin saxlanılması və enerjiyə qənaət üçün effektiv ola bilər.

X